Üçlü test
Yadda saxlamaq lazımdır ki, aşağıdakı testlərin nəticələrinin normadan çox olması heç də döldə Daun sindromu və ya digər genetik patologiyaların olmasını təsdiqləmir. Testlərin nəticələrinin normadan çox olması döldə həmin patologiyaların olması ehtimalını göstərir və daha dərinləşdirilmiş müayinələrin aparılmasını tələb edir.
- Üçlü skrininq testi qanda hamiləliklə bağlı olan 3 hormonun (AFP, XQ/beta-hCG və Estriol) səviyyəsini müəyyənləşdirir.
- Dördlü skrininq testi qanda hamiləliklə bağlı olan 4 hormonun (AFP, XQ/beta-hCG, Estriol və İnhibin) səviyyəsinin ölçülməsinə əsaslanır.
Daun sindromunun inkişafı riskinin qiymətləndirilməsi.
Qan analizləri və USM, habelə üçlü və ya dördlü skrininq testlərinin nəticələri ilə yanaşı digər faktorlara (ananın yaşı, tütün çəkmə tarixçəsi, bədən çəkisi, əvvəllər irsi xəstəlik və ya anadangəlmə qüsurlu körpənin dünyaya gətirilməsi və s.) dair məlumatın kompüter proqramı vasitəsilə təhlili əsasında həkim hazırki hamiləlikdə Daun sindromu və ya bir sıra digər patologiyaların (Pato sindromu, Edvard sindromu, spina bifida və ya onurğa sütunun inkişafı defekti və s.) olma riskini müəyyən edə bilər. Beləliklə, təsvir edilmiş skrininq üsulları ilə Daun sindromu olan körpənin doğulma riski müəyyən edilir. Bu heç də o demək deyil ki, həmin hamiləlikdə mütləq Daun sindromlu körpə doğulacaqdır. Daun sindromlu körpənin doğulması riski yüksək və ya aşağı ola bilər. Bütün hallarda skrininqin nəticələri əldə edildikdə, hazırki hamiləlikdə Daun sindromu və ya digər irsi patologiyası olan körpənin doğulması riskinin yüksək və ya aşağı olduğunu həkim anaya (gələcək valideynlərə) ətraflı izah etməlidir.