Referans VIP filialımızın Pediatr-Neonatoloqu Uzm. Dr. Elnur Qasımov "Yenidoğulmuşlarda daban testi və üstünlükləri" barədə valideynlər üçün maraqlı və lazımi sualları ətraflı şəkildə cavablandırdı.
Neonatal skrininq (daban testi) nədir?
Neonatal skrininq və ya daban testi - yeni doğulan körpələrin daban nahiyəsindən götürülən bir neçə damla qanla təyin olunan bir testdir. Bu test vasitəsilə gələcəkdə uşağın sağlamlığına təsir edə biləcək, tez-tez rastlanılan bir sıra xəstəlikləri çox erkən zamanda aşkarlamaq mümkündür. Uşaq dünyaya gəldiyi ilk 48-72 saatdan 7-14 günə qədər daban testi götürülə bilər. Mütləq 2-3 günlük müddət gözlənilməlidir. Niyə bu müddət gözlənilir? Çünki uşaq orqanizmi doğulduqdan sonra (ana südü və ya qida qəbul etdikdən sonra) metabolizm prosesində iştirak etməlidir. Erkən doğulan körpələrdə – yəni hamiləliyin 36 həftəsindən əvvəl doğulan körpələrdə isə daban testi doğuşdan iki həftə sonra götürülür.
Bu test vasitəsilə hansı xəstəlikləri aşkarlamaq olar?
Daban testi ilə irsi metabolik, endokrinoloji pozğunluqlar verə bilən 35-ə yaxın xəstəlik aşkarlana bilər. Bunlar arasında Fenilketonuriya, Hipotiroidizm, Mukovissidoz, G6PD çatışmazlığı ilə gedən hemolitik anemiya, KAH, Qalaktozemiya, Biotinidaz çatışmazlığı və digər irsi metabolik xəstəliklər var. Mərkəzimizdə bu testin 7 xəstəliyi aşkarlayan həm qısa, həm də “Tandem MS” analizi deyilən və əlavə bir çox irsi metabolik xəstəlikləri də aşkarlayan geniş variantını seçmək imkanınız vardır.
Valideynlərə tövsiyyəniz nədir?
Bu testi verməklə körpədə hər hansı bir xəstəlik varsa, bu vaxtında aşkarlanır. Onsuz da xəstəlik olarsa, 2-3 yaşına qədər körpədə özünü göstərəcək, büruzə verəcək. Bu halda isə artıq gecikmiş vəziyyət yaranır. Məsələn, əgər körpədə tiroid hormon çatışmazlığı varsa və 2-3 yaşında məlum olarsa, uşaqda əqli gerilik, boy qısalığı, həmyaşıdları ilə nisbətdə inkişafında gerilik ola bilər. Lakin bu simptomlar olmadan xəstəliyi hələ körpə ikən müəyyən etmək və onun qarşısını almaq mümkündür.
Əziz valideynlər, uşaqlar bizim gələcəyimizdir!
Gələcəyimizin qayğısına indidən qalaq!
Ətraflı məlumat üçün Pediatr-Neonatoloq Uzm. Dr. Elnur Qasımova təşəkkür edirik.
- Rəylər
Загрузка комментариев...